“İblisin silahı”, “Bunin düsturu” və gözümüzün önündəki “xilas”, Moderator.az, Seymur Əliyev

0
197

Artıq bir neçə aydır ki, koronavirus xəstəliyinin bütün dünyanın bir nömrəli probleminə çevrildiyi, bütün bəşəriyyətin bu günü və gələcəyini ciddi şəkildə təhdid etdiyi hər kəsə məlumdur. Məhz bu baxımdan pandemiyaya qarşı mübarizə müasir dünyanın, eləcə də ölkəmizin qarşısında duran əsas vəzifələrdən biridir. Bu məsələdə medianın da üzərinə mühüm öhdəliklər düşür ki, bunlardan biri də koronavirus haqqındakı saxta məlumatların ifşası, ictimaiyyətin doğru, sistemli bir şəkildə məlumatlandırılmasıdır.

Yalan informasiyalar insanları necə öldürür? – Şillerdən tarixi xəbərdarlıq…

Istənilən təhlükə, onun miqyas və xüsusiyyətləri ilə bağlı yalan informasiyaların nəticə etibari ilə böyük fəsadlara səbəb olduğu şübhəsizdir. Söhbət koronavirus kimi təhlükəli xəstəlikdən gedirsə, bu məsələdə ictimai rəyi çaşdıran, insanlarda yanlış fikir formalaşdıran hər hansı yalanın daha böyük itkilərə səbəb olduğu inkaredilməzdir. Hansı ki, bununla bağlı ortaya çıxan bəzi statistik məlumatlar məlum gerçəyi təsdiq edir. Məsələn, Nyu-York Times qəzetinin iyun ayında yaydığı məlumata görə, bütün dünyada on minlərlə insanın ölümünə səbəb koronavirusla bağlı yanlış informasiya və tövsiyələr olub. (Link burada: https://www.nytimes.com/2020/06/27/world/europe/coronavirus-spread-asymptomatic.html)

Qəzetin iddiasına görə, koronavirusun yalnız aşkar simptomlara malik şəxslər tərəfindən yayılması ilə bağlı yayılan məlumatın yanlış olduğu yalnız iki aydan sonra məlum olub. Nəticədə, bu iki ay ərzində məhz yanlış informasiya səbəbi ilə koronavirusa tutulan minlərlə insan həyatla vidalaşmalı olub. Bu faktın özü koronavirusla bağlı yanlış bir informasiyanın belə minlərlə insanın həyatı bahasına başa gəldiyini isbat edir.

Bu məqamda məşhur alman filosofi Fridrix Şillerin tarixi sözləri yada düşür: “Yalan iblisin silahıdır! Bu silahdan uzaq olun!”

Yuxarıdakı statistikadan da bəlli olduğu kimi, məhz koronavirusla bağlı media və sosial şəbəkələrdə yer alan yalan informasiyalar minlərlə insanın ölümünə səbəb olub ki, bu da yalanın həqiqətən də iblisin silahı olduğunu  göstərir.

Allaha inanmamaq o demək deyil ki, Allah yoxdur…

Nə qədər təəssüfedici olsa da, bu gün belə sosial şəbəkələrdə koronavirusun faktiki olaraq olmadığı, belə bir pandemiyanın mövcudluğu ilə bağlı deyilənlərin böyük güclərin uydurması olması ilə bağlı fikirlərə rast gəlmək mümkündür. Hansı ki, bu əsassız fikirlər bəzi insanlarda real təhlükə ilə bağlı qeyri-real təsəvvür formalaşdırır ki, bu da həmin insanların pandemiyadan qorunmaq üçün gərəkli addımlar atmaması, nəticədə virusa yoluxması ilə nəticələnir. Təsadüfi deyil ki, bununla bağlı redaksiyamıza açıqlama verən məşhur media eksperti Zeynal Məmmədli, koronavirusun mövcud olmaması ilə bağlı sosial şəbəkələrdə yer alan məlumatlarla bağlı ciddi ölçü götürülməsinin zəruri olduğunu vurğulayıb:

“Təəssüflər olsun ki, biz bəzən sosial mediada belə fikirlərlə rastlaşırıq ki, guya pandemiya yoxdur, guya bunu kimlərsə uydurub və s. Təbii ki, bu və bu kimi fikirlər insanların həyatı, sağlamlığı baxımından olduqca təhlükəlidir. Buna görə də hesab edirəm ki, bu cür yalan informasiyaların yayılmasının qarşısı alınmalı, belə xəbərlərin yayılması məhdudlaşdırılmalıdır. Çünki bu cür yalan xəbərlər cəmiyyətdə çaşqınlığa səbəb olur, bəzi vətəndaşlara təhlükəni laızmınca qiymətləndirməyə imkan vermir. Buna görə də, belə xəbərlərlə bağlı məhdudlaşdırıcı addımların atılması zəruridir”.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, pandemiyanın genişlənməsi fonunda hələ də onun mövcud olub-olmadığını müzakirə etmək absurd olsa da, bu gün də belə düşüncəyə malik şəxslərin olduğu, onların sosial şəbəkələrdə bu yöndə yanlış təbliğatlar apardığı faktdır. Lakin unutmaq olmaz ki, hansısa təhlükəni inkar etmək, onu görməzdən gəlmək, hələ bu təhlükənin həqiqətən də möcud olmadığı demək deyil. Necə ki, Allaha inanmamaq o demək deyil ki, Allah yoxdur…

Yalan informasiyaların daha bir mənbəyi: Falçı və ekstrasenslərə verilən tribuna…

Koronavirusla bağlı saxta informasiyaların meydana çıxmasının səbəblərindən biri də bəzi media orqanlarının xəstəliklə bağlı peşəkar həkimlərə, tibb mütəxəssislərinə deyil, təsadüfi şəxslərə, o cümlədən cəmiyyətdə falçı və ekstrasens kimi tanınan şəxslərə üz tutmasıdır. Hansı ki, media vasitəsi ilə tribuna əldə edən bu şəxslər nəinki pandemiyanın gedişatı, yayılma tempi, başa çatma müddəti ilə bağlı gülünc, heç bir elmi mənbəyə istinad etməyən proqnozlar verir, bəzi hallarda özlərini bu xəstəliyi sağalda biləcək mistik güclərə malik şəxslər kimi təqdim edirlər.

Məsələ ilə bağlı redaksiyamıza açıqlama verən Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru  Vüqar Zifəroğlu hesab edir ki, medianın qeyri-peşəkarlara danışmaq imkanı yaratması ciddi səhvdir və ictimai rəydə ciddi çaşqınlığa yol açır:

“Koronavirusla mübarizənin indiki həssas məqamında doğru, səhih informsiyanın mühüm önəm kəsb etdiyi birmənalıdır. Lakin təəssüflər olsun ki, bəzi hallarda media özünə ekstrasens deyən bir sıra şəxslərə tribuna verərək onların koronavirusla bağlı fikir və proqnozlarını işıqlandırır ki, bu da cəmiyyətin yanlış yönləndirilməsinə gətirib çıxarır. Halbuki, media məhz peşəkarlara müraciət etməli, məhz onların fikirlərini ictimaiyyətə çatdırmalıdır. Çünki medianın işi mövhumatçılıq deyil, maarifçilikdir. Odur ki, media bu məsələlərə diqqətlə yanaşmalı, Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Üzeyir bəy Hacıbəylinin yolu ilə getməlidir”.

Göründüyü kimi, pandemiya ilə bağlı yanlış fikir və rəylərin meydana çıxmasının səbəblərindən biri də bəzi media orqanlarının falçı və ekstrasenslərin koronavirusla bağlı düşüncələrini işıqlandırmasıdır. Hansı ki, medianın öz peşə prinsiplinə sadəqət göstərməsi, mövhumata “yox” deməsi bu problemin də avtomatik olaraq öz həllini tapması demək olar.

Yalan xəbərlərin ifşası üçün daha bir “resept”: Rəsmi məlumatlara istinad zərurəti!

Yalan, yaxud ziddiyyətli xəbərlərə qarşı mübarizənin ən effektiv yollarından biri rəsmi informasiyalara istinad etmək, əlaqədar dövlət qurumlarının məlumatlarından faydalanmaqdır.

Bakı Dövlət Universitetinin “Jurnalistika” fakultəsinin professoru Cahangir Məmmədli hesab edir ki, koronavirusla bağlı saxta məlumatları ifşa etməyin digər bir yolu da rəsmi mənbələrə istinad etmək, qeyri-rəsmi informasiyalarla rəsmi informasiyalar arasında paralellik aparmaqdır:

“Təbii ki, yalan informasiyaların mediada yer alması arzuedilməzdir və bu, insanlar arasında çaşqınlığın yaranmasına, onların yanlış məlumatlandırılmasına səbəb olur. Bu cür xəbərlərin istər mediada, istərsə də sosial şəbəkədə yalan məlumatların yayılmasının qarşısını almağın, bu xəbərləri ifşa etməyin ən effektiv yollarından biri də rəsmi məlumatlara istinad etməkdir. Çünki rəsmi məlumatlar əlaqədar qurumların müvafiq araşdırmaları fonunda ortaya çıxır və  cəmiyyətin, ictimaiyyətin bilməli olduğu məlumat da məhz bunlardır.

Buna görə də hər hansı bir məlumatın nə dərəcədə səhih olduğunu anlamaq üçün rəsmi məlumatlara nəzər salmaq kifayətdir. Əgər hər hansı bir informasiyanın nə dərəcədə yalan və ya doğru olduğu bəlli deyilsə, o zaman əlaqədar qurumlar vasitəsi ilə bunu dəqiqləşdirmək olar və edilməsi gərəkən də məhz budur”.

Yalan rəng və çalar dəyişə bilər, həqiqət əsla:  “Nə qədər çalxalasan da, su sudur”

Informasiya texnologiyalarının sürətli inkişafı fonunda yalan xəbərlərin qısa zamanda sürətlə yayılması mümkün olsa da, eyni amil dezinformasiyaların ifşası baxımından da effektiv olur. Əslində yalanla mübarizədə həqiqətin ən böyük üstünlüyü onun hər zaman bir rəngdə, bir çalarda, bir simada ortaya çıxması ilə bağlıdır. Məşhur rus yazıçısı İ.A.Buninin dediyi kimi, “nə qədər çalxalasan da, su sudur”.

Şübhəsiz, istənilən təhlükə anında bu təhlükədən xilas olmağın ən effektiv yolu həmin təhlükənin üzünə cəsarətlə baxmaq, onun haqqında yalan deyil, həqiqi bilgilərə malik olmaqdır. Başqa sözlə desək, rəsmi informasiyaları, mütəxəssis sözünü hər zaman gözümüz önündə olan “xilas” hesab etmək olar.

Bu baxımdan Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyəti olduqca təqdirəlayqidir. Bu qurum yarandığı ilk gündən etibarən pandemiya ilə bağlı dəyişən vəziyyətlə bağlı ictimaiyyəti çevik və mütəmadi şəkildə məlumatlandırır, informasiya qıtlığının yaranmasına imkan vermir. Hansı ki, Operativ Qərargahın fəaliyyəti ictimaiyyət tərəfindən də təqdir edilməkdədir.

Redaksiyamıza açıqlama verən millət vəkili Aydın Mirzəzadə Operativ Qərargahın fəaliyyətinin təqdirəlayiq olduğunu vurğuladı:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyəti kifayət qədər qənaətbəxşdir. Operativ Qərargah pandemiya ilə bağlı yaranmış vəziyyətlə əlaqədar ictiamiyyəti məlumatlandırmaqla yanaşı, ona qarşı mübarizə üsulları haqqında da məlumat verir, insanların koronavirusdan qorunması üçün bütün lazımi addımları atır. Ən əsası, Operativ Qərargah verdiyi bəyanatlar və tez-tez keçirdiyi brifinqlər vasitəsi ilə xalqı çevik şəkildə bilgiləndirir ki, bu da yalan xəbərlərin yayılmasının qarşısının əhəmiyyətli dərəcdə alır. Çünki bildiyiniz kimi, yalan xəbərlər və şaiyələr daha çox informasiya qıtlığından yararlanır.

Hesab edirəm ki, koronavirusla bağlı əsasız, yalan məlumatların yayılmasının qarşısını almaq üçün bundan sonra da ictimaiyyətin rəsmi dairələr tərəfindən mütəmadi şəkildə məlumatlandırılması davam etdirilməlidir.  Dezinformasiya xarakterli məlumatları ifşa etməyin ən optimal yolu budur”.

Seymur Əliyev

 

Məqalə SOCAR AQŞ-nin 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə COVID-19 pandemiyası ilə bağlı medianın ictimaiyyəti məlumatlandırma işinə dəstək olmaq məqsədilə elan etdiyi müsabiqənin “Koronavirus barədə saxta məlumatların ifşası” kateqoriyası üzrə təqdim edilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin