“Hamilə qadınlarda bu xəstəlik ağır ola bilər”- Baş infeksionist, Ucnoqta.az, Rövşən Tahir

0
181

COVİD-19 adı verilən koronavirus yaşlı, cavan demədən hər kəsi istənilən an yaxalaya bilir. Onun yan keçmədiyi insanlar arasında, təbii ki, hamilə qadınlar da var.

Ucnoqta.az saytı olaraq hamilə qadınlarda karonavirusun törətdiyi fəsadaları və yeni doğulmuşların bu xəstəliyə yoluxma riskini araşdırdıq. Koronaviruslu hamilə qadınlarda bu xəstəlik dölə təsir edirmi? Yeni doğulmuş körpə koronavirusa yoluxa bilərmi? Yoluxursa, bu necə olur? Suallarla bağlı ekspertlərin fikirlərini öyrəndik və həmin yazını təqdim edirik.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva: “Koronaviruslu xəstələr arasında hamilə qadınlar da var. Onların bəziləri bu xəstəliyi yüngül keçirir, bəziləri isə ağır. Xəstəliyin özünü hansı formada göstərməsi xəstənin orqanizmindən asılıdır.  Bu xəstəliyə yoluxan xəstələrin konkret say tərkibini deyə bilmərəm. Yoluxan hamilə qadınlar olub ki, sağalıblar. Bilirsiniz, bu xəstəliyə yoluxdunsa, ikinci dəfə yoluxmayacaq deyə bir şey yoxdur. Hələ dünyada koronavirusa dair tətqiqatlar aparılmaqdadır. Bu xəstəliyə yoluxan hamilə qadınlarda xəstəliyin dölə təsiri ilə bağlı da nəsə demək çətindir. Çünki söylədiyim kimi xəstəliyə dair araşdırmalar yekunlaşmayıb. Bildiyiniz kimi bir neçə gün öncə koronavirusdan hamilə bir qadın vəfat etdi. Ananın vəziyyəti ilə əlaqədar körpə bətndə oksigen azlığı yaşayıb. Buna görə də onun beynində ciddi zədələnmələr var. Aparılan müayinələr zamanı beyində qanama, işemik zədələnmə aşkarlanıb. Doğulandan bu günə kimi hələ də süni tənəffüs aparatına qoşulub. Uşağı cihazdan ayırmaq mümkün belə deyil. Körpədən götürülən COVİD-19 RP-PCR testi neqativ olmasına baxmayaraq onun vəziyyəti yaxşı deyil. Uşağın səhhətinin necə olacağı ilə bağlı hazırda bir şey söyləyə bilmirik”.

 

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev: “Koronavirus hamilə qadınlarda xəstəlik törədə bilər, lakin onun dölə təsiri ilə bağlı nəsə demək olmaz. Hələ ki, məlumatlara görə bu xəstəliyə yoluxan qadınlarda xəstəliyin dölə təsiri yoxdur. Hamilə xanımlarda bu xəstəlik ağır ola bilər, çünki hamilə qadınlarda orqanizm dəyişikliyi baş verir. Buna görə də onlarda xəstəlik ağır formada keçir. Ümumilikdə isə digər xəstələrlə müqayisədə hansısa bir fərq özünü göstərmir. Hələ ki, ciddi bir amil müşahidə olunmayıb”.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Transplantologiya kafedrasının professoru Adil Qeybulla: “Koronavirus intoksikasiyadir, əlbəttə ki, təsir edir. Hətta burada uşaqla ananın sağlamlığı məsələsi ortaya qoyulanda ananın sağlamlığı əsas götürülür. Özünü göstərən fəsadlar arasında düşüklər, inkişafdan qalma ola bilər. Hamiləliyin hansı mərhələdə olmasından asılı olaraq uşaq üçün fəsadlar müəyyən edilir. Virusun bədənə daxil olma miqdarına görə xəstələr onu yüngül, ağır formada keçirirlər. Hamiləlik üç trimestrə bölünür. Birinci trimestrdə baş verən proseslər uşağın eybəcər doğulmasına gətirib çıxarır. Döl formalaşdıqdan sonra isə uşaqda digər problemlər özünü göstərə bilər ki, buraya qaraciyərdə və digər orqanlarda xəstəliklərin yaranması daxildir. Koronaviruslu xəstələrdə sağlamlıq məsələsi ciddi bir müstəviyə gəlibsə, bu zaman ananın sağlamlığı əsas götürülməlidir, yəni hamiləlikdən məhrum edilmə qərarı verilməlidir. Yox, əgər səhhətində ciddi narahatlıqlar özünü göstərmirsə, o zaman uşaq saxlanıla bilər. Hamiləliyin elə bir səviyyəsi də ola bilər ki, orada süni doğuş həyata keçirilsin. Süni doğuşun özü belə adi halda fəsadla nəticələnə bilər, o ki qaldı koronaviruslu xəstələrdə. COVİD-li xəstələrdə testin neqativ çıxması hər şeyi demir. Kliniki olaraq bütün əlamətləri özündə daşıyan və Komputer Tomoqrafiyasında belə karonavirusa xas olan xüsusiyyətləri daşıyan xəstələrdə bəzən test neqativ çıxır. Ona görə də bir neçə gün öncə vəfat etmiş hamilə qadının uşağından alınan testin mənfi olması nəsə söyləməyə imkan vermir. Odur ki, bütün göstəricilər birgə dəyərləndirilməlidir. Bu gün insanlar koronavirusa inanmaq istəmirlər, bu da yoluxma sayını artırır. İnsanlar sosial məsafəyə və qaydalara əməl etsələr, yaxşı olar”.

Tədris Cərrahiyə Klinikasının yeni doğulmuşların reanimasiyası və insentiv terapiya şöbəsinin müdiri, reanimatoloq-neanotoloq Aygün Rüstəmxanlı: “Hamilə qadınlarda aparılan araşdırılmalar hələ ki, hamiləliyin son 3 ayı üzrədir. Əldə edilən nəticələrə görə qeyd etmək olar ki, Çində test nəticəsi pozitiv çıxmış 33 hamilə qadından 30-nun dünyaya gətirdiyi uşaqdan götürülən test nəticəsi neqativ, cəmi 3-də pozitiv olub. Buna əsasən söyləyə bilərik ki, yeni doğulmuş körpədə koronavirus infeksiyası ola bilər, lakin bu doğuş zamanı hava-damcı yolu ilə yoluxmadır, yəni bətndaxili yoluxma ehtimalı yoxdur. Bildiyimiz kimi bətndaxilində olan körpənin ilk 2 aylığı orqanların formalaşdığı dönəmdir. Məhz bu dönəmdə hansısa bir anomaliya ola bilərmi? Bax bu suala əsaslı cavab vermək hazırkı dövr üçün qeyri-mümkündür. Çünki bu barədə hansısa bir nəticələr yoxdur. Yeni doğulan körpələrdə koronavirus olubmu? Bəli, olub. Başqa bir klinikada doğulub sonradan bizim klinikaya köçürülüb ki, burada müalicə olunduqdan sonra evə buraxılıb. Həmin uşaqda yoluxma mənbəyi ana olmayıb, yəni uşaq bətndaxili yoluxmayıb, hava-damcı yolu ilə yoluxma halı olub. Fikir sonda gəlib onun üzərində dayanır ki, bütün yaş qruplarında olduğu kimi yeni doğulmuş körpələrdə də bu virusa yoluxma hava-damcı yoluyladır. Anada koronavirus varsa, dölə mənfi təsir edirmi? Əgər ana ağır formada pnevmoniya keçirirsə, ağciyərlərdə havalanma yaxşı deyilsə, oksigen ehtiyacı yüksəkdirsə, yanaşı olaraq paralel xəstəliyi varsa, belə olan halda döl ana bətnində zədə alır. Döl virusun özündən deyil, virusdan ananın aldığı yan təsirlərdən zədənir. 27 həftəlik bir doğuş uşağın özünün problemlərinin olması deməkdir. Belə uşaqlarda beyin işemik zədələnməsi, qansızma olmasa belə, xəsarətlər özünü göstərir. Çünki döl ana bətnində ciddi oksigen azlığı keçirir. Məni ən çox narahat edən məsələ uşaqların vaxtından əvvəl doğulmasıdır. Hazırda klinikamızda doğuşu gözlənilən hamilə qadınlar var. Hələ ki, hamiləliyin pozulmasına doğru gedən bir hal yoxdur. Koronaviruslu xəstələrdə təbii doğuşun həyata keçirilməsinə bu virusa əks göstəriş deyil. Əgər ananın vəziyyəti uyğundursa, ana ciddi oksigen azlığı yaşamırsa, təbii doğuş baş tuta bilər. Koronavirusun simptomsuz gedişatı da var, ağır simptomlarla müşahidə olunan gedişatı da var. Əgər anada simptonlar kəskin tənginəfəslik deyilsə, ananın hər hansı həyatı təhlükəsi yoxdursa, normal doğuş sancıları ilə uşaq dünyaya gətirilə bilər. Çin araşdırmalarında isə göstərilir ki, koronavirusla əlaqədar vaxtından əvvəl və keysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Doğum zalında uzun müddət (elə doğuşlar var ki, 8, 10 saata, yarım günə baş verir) koronaviruslu xəstə ilə sıx təmasda olan həkim personalı yoluxma ilə üz-üzə qalır. Ona görə də Çində təbii doğuşa üstünlük verilmir.

Keysəriyyə əməliyyatının özü körpə üçün yaş ağciyər xəstəliyinə yol açır. Bu xəstəlik nədir? Dölyanı su ana bətnində uşağın ağciyərlərində dövr edir, loru dildə desək, ana bətnində uşaq nəfəs almır, dölyanı su ağciyərdə dolu olur. Təbii doğuşla dünyaya gələn uşaq müəyyən mərhələlərdən keçir. Keysəriyyə ilə doğulmuş uşaqlarda isə ağciyərin müəyyən hissəsi sulu qalır. Sulu qaldığı üçün də uşaqda tənginəfəslik yaranır. Belə olan halda uşağa müalicə yazılır. Keysəriyyə hamiləliyin 37-ci həftəsindən erkən baş verirsə, doğulacaq körpədə vaxtından erkən doğulmanın fəsadları ilə rastlaşa bilərik. Respirator distress sindromunu buna nümunə göstərmək olar. Hamiləlik vaxtında əvvəl sona çatdırılırsa və eyni zamanda COVİD-19-un ağırlaşmaları, ağır pnevmoniya, hipoksit vəziyyət varsa, 28 həftədə doğulmuş az çəkili körpədə ciddi problemlər özünü göstərə bilir. Baş-beynin hipoksik-işemik zədələnməsi, ağır dərəcəli respirator distress sindrom, bətndaxili infeksiyalaşma və s. bu problemlər sırasındadır. Keysəriyyə əməliyyatı hamiləliyin 38-ci həftəsində olursa, yeni doğulmuşda fəsadlar keysəriyyə ilə bağlı olur ki, bir az öncə qeyd etdiyim yaş ağciyər sindromu bunun bariz nümunəsidir. Ümumilikdə erkən doğuşda uşaqda beyin, ağciyər, mədə-bağırsaq kimi xəstəliklər də özünü göstərə bilər”.

Rövşən Tahir

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin