Virus həmişə olub və olacaq – Bəs nə edək? – ARAŞDIRMA, Big.az, Natəvan Baxşiyeva

0
262

Çindən bütün dünyaya yayılan və hər kəsi qorxuya salan yeni koronavirus nə dərəcədə dəhşətlidir? Onun ölümcül olması adi mövsümi qripi kölgədə qoyubmu?

BiG.AZ bununla bağlı apardığı kiçik araşdırmanı oxuculara təqdim edir.

Belə ki, statistik məlumatların təhlili və bəzi araşdırmalar göstərir ki, əslində yeni virusdan ölənlərin sayı adi qripdən ölənlərin sayından çox deyil.

Məsələn, BBC-də dərc olunan məqalənin müəlliflərinin fikrincə, istənilən xəstəliyin kütləvi yayılması ilk zamanlarda çox vaxt həqiqətdə olduğundan daha ciddi və qorxulu görünür.

Statistikaya görə, “donuz qripi” kimi müxtəlif qlobal epidemiyalar orta hesabla 25 ildə bir dəfə baş verir və hər 100 min yoluxmuş insandan 10-20 nəfərinin canını alır (0.01-0.02%).

2019-cu ilin sentyabr ayında “The Lancet” jurnalında dərc olunan daha bir araşdırmada bildirilir ki, Çində hər il orta hesabla 88 min adam qripdən ölür. Xəstəlikdən ölüm nisbəti 1,6% – 2,6% arasında dəyişir.

Həmçinin, SARS və MERS virusları da yeni koronavirusdan daha ölümcül olub: bu viruslardan ölüm nisbəti müvafiq olaraq 10% və 34% -dir. (Hazırda koronavirusa tutulanların cəmi 4 %-i ölüb).

İndi qayıdaq aləmə səs salan yeni “COVİD-19” koronavirusuna.

“Worldometers.info”nun 16 iyul 2020 –ci il tarixinə olan məlumatına əsasən, dünyada bu virusdan 588 min nəfər ölüb.

Halbuki ilin əvvəlindən infeksion xəstəliklərdən ölənlərin sayı 7 milyondan çox, mövsümi qripdən ölənlərin sayı 264 mindir.

ÜST-ün hesabatına əsasən, il ərzində qrip epidemiyaları nəticəsində 3-5 milyon adam ağır xəstəliklə üzləşir, 290-650 min nəfər isə qripdən dünyasını dəyişir.

Rusiya Təbiət Elmləri Akademiyasının fəxri vitse-prezidenti, Epidemiologiya və Mikrobiologiya İnstitutunun professoru Viktor Zuyevin də sözlərinə əsasən, hətta adi mövsümi qrip infeksiyası koronavirusdan daha ölümcül ola bilər.

“COVİD-19” xəstəliyinin yoluxucu olmasına gəlincə isə, mənzərə bir az fərqlidir. Bu virus mövsümi qripdən daha yoluxucudur. Belə ki, əgər adi virus tutan on xəstə ortalama 13 nəfəri yoluxdurursa, 10 koronavirus daşıyıcısı 22 sağlam insanı yoluxdurur (2.2).

Lakin onu da nəzərə almaq lazımdır ki, SARS virusunun yoluxma səviyyəsi bundan bir qədər yüksək olub (təqribən 3), qızılca virusunda isə bu göstərici 12-dən çoxdur. Bu baxımdan karantin gözləmək vacibdir.

Ümumilikdə isə viruslardan qorunmaq üçün biz gərək immun sistemimizi gücləndirək.

Məsələylə bağlı həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlunun fikrini oxuculara çatdırmaq istəyirik.

Həkimin sözlərinə əsasən, biz viruslarla, mikroorqanizmlərlə bərabər yaşayırıq, onlar hər yerdə var, həmişə olub və olacaq, onlarsız həyat yoxdur, lakin bizim “immun sistem” dediyimiz mükəmməl bir qoruyucu sistemimiz var:

“Məhz bu sistemi təşkil edən hücəyrələr virusları bizim bədənimizdəki hücəyrələrə daxil olmaqdan, yəni bizi xəstəliyə yoluxmaqdan qoruyur, və ya artıq yoluxmuşuqsa, sağalmağımıza kömək edir”.

Dr. Eldaroğlu onu da qeyd edir ki, bəzi xroniki xəstəliyi (məs. şəkərli diabet, hipertoniya, xroniki böyrək və ürək xəstəlikləri və s.) olan yaşlı xəstələrdə, həmçinin kimyaterapiya alan onkoloji xəstələrdə immun sistemi zəiflədiyi üçün onlar asanlıqla virus, bakteriya və ya göbələk infeksiyalarına yoluxurlar və çox zaman belə xəstərdə ikincili olaraq ağciyər iltihabı (pnevmoniya) görülür.

Bəs immun sistemini necə gücləndirmək olar?

Həkim bununla bağlı da məsləhətlərini verib:

1. Təmiz hava
2. Yağsız, karbohidratsız qidalanma
3. Zərərli vərdişlərdən uzaq olmaq
4. Vitaminllər (xüsusən vitamin C), vitaminli bitki çayları, meyvə-tərəvəz, propolis tinktura, cökə çayı, keçibuynuzu bəhməzi və s.
5. İdman
6. Ağız, əllər və boğazın gigiyenası

Elşadoğlu daha bir mühüm məsələyə də toxunub. O, stressə düşməməyi tövsiyə edib, çünki stress immun sistemini daha da zəiflədir.

Yerli mütəxəssisin bu fikrini məşhur amerikalı bioloq Brüs Lipton da təsdiqləyir.

Onun fikrincə, qorxu stress hormonlarını artırır və insanın immunitetini kəskin aşağı salır.

Lipton hər il planetimizin əhalisinin təxminən 1%-inin mövsümi qridən öldüyünü deyir. Hər il yayılan viruslar öncəki il yayılan virusların mutasiyaya uğramış formasıdır. Bədənimiz virusları “yaddaş”ında saxladığı üçün bir çoxları xəstəliyi yüngül formada keçirir.

Lakin “COVİD-19”un fərqi yeni olması və “immun yaddaş”ımızda olmamasındadır. Məhz həmin səbəbdən yeni koronavirus daha aqressiv ola bilər.

Bununla bağlı qorxu isə bizim ən böyük problemimizdir.

Mütəxəssisin fikrincə, insanlar immun sisteminin quruluşunu anlamalıdırlar.

İmmun sistemimiz daxili qoruyucu rolunu oynayır: bədənə daxil olan parazit, virus və bakterialardan qoruyur.

Bizim iki qoruyucu sistemimiz var: immun sistemi daxildən qoruyur, adrenal sistem isə xaricdən gələn təhlükələrdən müdafiə edir.

Lakin məsələ burasındadır ki, əgər daxilində bakteriya olduğu halda sənin arxanca pələng düşsə və bədən öz enerjisini bakteriya və pələngdən qorumaq üçün bölməli olsa, təbiidir ki, həmin an daha çox ehtiyac duyduğu yerə daha çox enerji sərf edəcək.

Yəni bədən stress hormonlarını ifraz edəcək. Stress hormonları bədənin bütün enerjisi “lazımsız” bildiyi istiqamətlərdən alacaq və qaçmaq üçün əl və ayaqlarda qan dövranını gücləndirməyə yönəldəcək. Bədənin qaçıb qurtulmağa aidiyyatı olmayan bütün funksiyaları “bloklanacaq”.

Bu an bağırsaqdakı qan damarları sıxılır və qan əl və ayaqlara yönəlir. Ona görə insan qorxu, yaxud həyəcan hiss etdikdə qarın hissəsində ağrılar da hiss edir.

İnsanın bağırsaq sistemi və digər daxili orqanları onun inkişaf və sağlamlığı üçün əhəmiyyətlidir. Deməli stress insanın inkişaf və sağlamlığının qarşısını alır, immun sistemini bloklayır.

Adətən stress bitdikdə, bədən normal halına qayıdır, lakin zamanəmizdə insanlar daim stressin içindədirlər. Ətrafda hamı ölüm və dəhşətli hadisələrdən danışır. Biz artıq hətta yanımızda asqıran insandan da qorxuruq.

Bəs koronavirusdan nə dərəcədə qorxmalıyıq?

Brüs Lipton hesab edir ki, immun sistemi normal olan, sağlamlığında problem olmayan və qorxu içində yaşamayanlar koronavirusun öhdəsindən gələcəklər. Ona görə insan gərək sağlamlığının qayğısına qalsın, sağlam həyat tərzi sürsün. Bu halda insanın immun sistemi var gücüylə işləyəcək. İmmun sistemi güclü olduqda isə, virusla mübarizə asanlaşacaq, virusun simptomları da yumşalacaq.

Bu səbəbdən, test edənlərin 50%-nin özləri də bilmədən artıq virusa tutulub sağaldıqları məlum olub.

Bəs koronavirus ölümcüldürmü?

Bəli, digər viruslar kimi, bu virusdan da ölmə ehtimalı var və yeni olduğu üçün bu ehtimal bir balaca daha çoxdur. Risk qrupuna isə hər il daxil olan insanlar daxildir. Siz o qrupa daxil deyilsizsə, narahatlığa səbəb yoxdur.

Bütün bu deyilənləri nəzərə alaraq, bu qədər qorxuya düşməyin nə dərəcədə doğru olub-olmaması barədə özünüz qərar verin.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin